Tuvalunun Baş naziri Feleti Teo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 9-da Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.
Senzor.az xatırladır ki, Tuvalu Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsidir. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi (11,646 nəfər) olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir.
1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlayıb. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırıb. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirib. Mütəxəssislər deyirlər ki, əgər Qlobal istiləşmə nəticəsində istilik 1 dərəcə yüksəlsə, Tuvalu tamam su altında qalacaq. Bu səbəbdən adada yaşayan yerli xalq indidən Avstraliya və Yeni Zelandiyaya miqrasiya etməyə başlayıb...