Rusiya ordusu bu gün səhər Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub.
Senzor.az bildirir ki, bu barədə məlumatı Ukrayna ordusunun Hava Qüvvələri öz teleqram kanalında yayıb.
Məlumata görə, atəş zamanı Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə “Rubej” qitələrarası ballistik raketi atıb.
Sözügedən raketin Həştərxan vilayətindən buraxıldığı qeyd olunub. Bununla yanaşı, rusiyalı hərbçilərin Dneprə Tambov vilayətindən “MiQ-31K” qırıcıları ilə “Kinjal” raketləri, eləcə də “Ту-95МС” vasitəsilə yeddi ədəd “Х-101” qanadlı raketləri atdığı bildirilib.
Hücum nəticəsində tələfat və dağıntının olması barədə məlumat daxil olmayıb.
Maraqlıdır ki, Qərb kəşfiyyatı Rusiyanın Ukraynada ilk strateji silahlardan istifadə etdiyini təsdiqləməyib.
Amerikanın ABC News telekanalı Qərb rəsmilərindən olan mənbəyə istinadən xəbər verib ki, Dneprə hücum üçün adi ballistik raketdən istifadə olunub.
“Defense Express” analitiklərinin fikrincə, Rusiya Ukraynaya qitələrarası ballistik raket (ICBM) atmaqla nüvə zərbəsi mümkünlüyünü nümayiş etdirib. Vurğulanır ki, Rusiyanın RS-26 “Rubej”, “Topol” və ya “Yars” qitələrarası ballistik raketləri kütləvi qırğın silahlarının çatdırılması üçün nəzərdə tutulub.
Nəşr bildirir ki, Rusiya Federasiyasının Ukraynaya hücum etdiyi ICBM-nin “əhəmiyyətli nəticələrə” səbəb olmadığını nəzərə alsaq, bu zərbə məhz nümayiş xarakteri daşıyıb. Eyni zamanda, “Defence Express” əlavə edib ki, bunun fonunda, xüsusən də Rusiyanın konkret olaraq haranı hədəf aldığı və raketdə hansı texnikanın olması ilə bağlı suallar qalmaqdadır: ““Rubej”, “Topol” və ya “Yars”a adi şərti yüksək partlayıcı döyüş başlığı qoymaq dərin nəzəriyyədə mümkündür, lakin bu cür raketlərin nəhəng dəyərinə görə praktiki mənası yoxdur.
Xüsusilə Ukraynadakı hədəflərin əksəriyyətinin Rusiyanın "İskəndər" OTRK və digər məhvetmə vasitələrinin əhatə dairəsində olduğu bir şəraitdə... Hətta nüvə zərbəsi endirmək üçün Ukraynaya qarşı orta və ya ümumiyyətlə qitələrarası mənzilli raketdən istifadə etməyin mənası ilə bağlı bir sual var".
Nəşr, bütün bu deyilənləri nəzərə alaraq güman edir ki, buraxılan Rusiya ballistik raketi döyüş bloklarının simulyatorları ilə təchiz olunub...
Senzor.az