Almaniyanın hakimiyyət orqanları ictimai binaları və şəxsi tikililəri yenidən quraraq mülki insanlar üçün bomba sığınacaqlarının sayını artırmağı planlaşdırır.
“Bild” qəzetinin məlumatına görə, 83 milyonluq ölkədə vətəndaşlar üçün bomba sığınacağı çatışmazlığı var. Almaniyada mövcud olan 579 sığınacaq yalnız 500 minə yaxın insanı yerləşdirə bilər. Buna son 17 ildə sığınacaqların ləğvi ilə bağlı siyasət səbəb olub; belə ki, hakimiyyət orqanları onlara yenidən ehtiyac olmayacağını düşünüb.
Bunkerlər şəbəkəsinin tikintisi xeyli vaxt aparacaq. Plana əsasən, bunun üçün yararlı olan bütün ictimai tikililər, o cümlədən metro stansiyaları, xidmət mərkəzləri, inzibati binalar, eləcə də fərdi yaşayış evləri sığınacaq kimi istifadə olunacaq.
Bundan başqa, hakimiyyət orqanları sakinləri şəxsi mülkiyyətlərində möhkəmləndirilmiş otaqlar tikməyə təşviq edəcək. Hava həyəcanı zamanı insanlara ən yaxın sığınacağın ünvanını göstərən xüsusi mobil proqram hazırlanacaq.
Qeyd edək ki, bir müddət öncə, Almaniya Müdafiə Nazirliyi Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə xüsusi planının olduğunu təsdiqləyib.