Gürcüstanın XI çağırış parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökumətə və 2025-2028-ci illəri əhatə edən "Yalnız sülh, ləyaqət və rifahla Avropaya doğru" adlı hökumət proqramına etimad göstərib.
Senzor.az bildirir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Hökumət proqramına əsasən, Gürcüstanın iki əsas milli məqsədi var: ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpası və yoxsulluğun tam aradan qaldırılması. Proqram dövlət siyasətinin dörd əsas istiqamətini əhatə edir: demokratik inkişaf; iqtisadi inkişaf; sosial siyasət və insan kapitalının inkişafı; xarici siyasət və müdafiə.
Hökumətin xarici siyasət və müdafiə ilə bağlı baxışı ərazi bütövlüyünün sülh yolu ilə bərpasına və suverenliyin gücləndirilməsinə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasına və beynəlxalq tərəfdaşlarla əlaqələrin dərinləşdirilməsinə yönəlib.
İ.Kobaxidze parlamentin plenar iclasında deputatları hökumətin planları ilə tanış etdikdən sonra onun Baş nazir vəzifəsinə namizədliyinə, təklif etdiyi hökumətin tərkibinə və 2025-2028-ci illər üçün hökumət proqramına etimadın göstərilməsi məsələsi ilə bağlı səsvermə keçirilib.
Parlament Baş nazir vəzifəsinə İrakli Kobaxidzeni təsdiqləyib. Maka Boçorişvili xarici işlər, Anri Oxanişvili ədliyyə, David Sonqulaşvili ətraf mühit və kənd təsərrüfatı, Levan Davitaşvili iqtisadiyyat və davamlı inkişaf, Tinatin Ruxadze mədəniyyət və idman, İrakli Çikovani müdafiə, Laşa Xutsişvili maliyyə, İrakli Karseladze infrastruktur və regional inkişaf, Vaxtanq Qomelauri daxili işlər, Aleksndr Tsuladze təhsil, elm və gənclər, Mixail Sardjveladze işğal olunmuş ərazilərin məcburi köçkünlərin müəssisələri, səhiyyə və sosial müdafiə naziri vəzifələrinə, Teya Axvlediani isə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifələrinə təsdiq olunublar.
Beləliklə, hökumətin tərkibində üç dəyişiklik olub. Bu dəyişikliklər Xarici İşlər, Ədliyyə, Ətraf Mühit və Kənd Təsərrüfatı nazirliklərini əhatə edib.