Saat 2 radələrində xüsusi təyinatlılar 5-ci gündür etirazların keçirildiyi Rustaveli prospektini təmizləməyə başlayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, təhlükəsizlik qüvvələri etirazçıları parlamentə bitişik ərazidən uzaqlaşdırır. Su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilir.
Etirazçılardan bəziləri əvvəlcədən qaz maskası və adi maska ehtiyatı görüblər. Vaxtaşırı aksiya iştirakçıları tərəfindən xüsusi təyinatlılara doğru müxtəlif əşyalar atılır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bazar günü keçirilən etiraz aksiyasında 14 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Xatırladaq ki, Gürcüstanda hakimiyyətin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına qarşı etirazlar beşinci gündür ki, davam edir. Daxili İşlər Nazirliyinin son məlumatına görə, saxlanılanların ümumi sayı 200 nəfəri ötüb.
**23:44(01.12.2024)
Tbilisidə parlament binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı yenə su şırnaqlarından istifadə ediblər.
“Interpress” xəbər verir ki, eyni zamanda aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam edirlər.
Əraziyə əlavə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.
Son məlumatlara görə, Tbilisidə etirazçılardan bəziləri parlamentdə yerləşdirilən xüsusi təyinatlılara yaxınlaşıblar.
O da qeyd olunur ki, bu gün Gürcüstan paytaxtında etirazçıların sayı dünənkindən təxminən iki dəfə çoxdur.