Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi öldürülüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko məlumat yayıb.
Onun sözlərinə görə, hər iki yüksək rütbəli hərbçi Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində həlak olub. Qeyd edilib ki, onlar binadan çıxan zaman skuterə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.
"İstintaqın məlumatına görə, dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində partlayıcı qurğu işə salınıb. Hadisə nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, İqor Kirillov və köməkçisi ölüb",- Petronko deyib.
Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi qətllə bağlı cinayət işi açıb. Fövqəladə hadisə yerində müstəntiqlər, kriminoloqlar və əməliyyat xidmətləri işləyir. Cinayətin bütün halları araşdırılır.
Rusiya mediası əməliyyatın arxasında Ukrayna hüquq-mühafizə orqanlarının dayandığını yazıb.