Deputat Ovik Ağazaryan yeni siyasi partiyanın yaradılması üzrə təşəbbüs qrupunun geniş iclasının keçirildiyini bildirib.
Senzor.az-ın məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyanın keçmiş silahdaşı 24news-a müsahibəsində danışıb.
Bundan əvvəl məlum olub ki, baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” partiyasından çıxarıldıqdan sonra Ağazaryan öz siyasi qurumunu yaratmaq qərarına gəlib. Ona partiyadan xaric edilən Akop Aslanyan da qoşulub. Ağazaryan qeyd edib ki, müzakirələrdən sonra partiyanın konsepsiyasında dəyişikliklər mümkündür. Əvvəlcə yeni partiya Vahid Milli Sosialist Partiyası adlanırdı. Yeri gəlmişkən, Almaniyada Adolf Hitlerin partiyası da eyni adda idi.
"Hiss edirəm ki, ölkəm və cəmiyyətim üçün faydalı ola bilərəm. Hesab edirəm ki, mənim təcrübəm dövlət qarşısında duran çağırışların öhdəsindən gəlməyə kömək edəcək," - Ağazaryan bildirib.
O əlavə edib ki, “Mülki müqavilə”nin digər keçmiş üzvləri də bu təşəbbüsə qoşulublar, lakin onların adları hələlik açıqlanmayıb.
Xatırladaq ki, oktyabrın sonunda Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan arasında az qala dava həddinə çatacaq münaqişə baş vermişdi. Bundan az sonra Kyaramyan və bir neçə yüksək vəzifəli məmur vəzifəsindən uzaqlaşdırıldı. Hadisədə iştirak edən deputat Narek Zeynalyan da istefa verdi.
Ağazaryan isə istefa verməkdən imtina etdi. Onu hakim partiyadan xaric etdilər. O.Ağazaryan “Mülki müqavilə”dən ayrıldıqdan sonra müstəqil deputat oldu.
İndi baş nazir N.Paşinyan onu dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatları açıqlamaqda ittiham edərək mandatından məhrum edilməsini tələb edib. Deputata qarşı Ermənistan Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini təşkil edən məlumatların yayılması) maddəsi ilə cinayət işi başlanıb. Bunu Korrupsiyaya Qarşı Mübarizə Komitəsi də təsdiqləyib.
Onu da qeyd edək ki, partiyanın təsis qurultayı gələn il fevralın 3-də keçiriləcək. O.Ağazaryanın sözlərinə görə, partiya sədri qurultayda seçiləcək.
Senzor.az