Çinli hakerlər ABŞ Maliyyə Nazirliyinin kompüter sisteminə daxil olaraq kompüterlərə və məxfi olmayan sənədlərə giriş əldə ediblər.
“Amerikanın Səsi” radiostansiyasının rusdilli xidmətinin ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinə istinadən yaydığı məlumatda şəbəkəni sındıran “Advanced Persistent Threat (APT)” haker qrupuna Pekinin sponsorluq etdiyi bildirilir.
Maliyyə Nazirliyi bu barədə Senatın Bank işi, Mənzil və Şəhər Məsələləri Komitəsinə məktub göndərib. Departamentin şəbəkəsinə giriş kibertəhlükəsizlik xidməti üzrə təminatçı olan üçüncü tərəf – “BeyondTrust” şirkətinin serverinin sındırılması nəticəsində əldə edilib.
“APT” qrupu ilə əlaqəli istənilən haker hücumu ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən ciddi kibertəhlükəsizlik hadisəsi hesab olunur. Hakerlərin hələ də qurumun kompüter şəbəkəsinə girişi olduğunu göstərən heç bir məlumat yoxdur.
Maraqlıdır ki, ABŞ-ın Maliyyə nazirliyi son dörd ildə kibermüdafiəsini əhəmiyyətli dərəcədə gücləndirdiyini iddia edir.