Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” otelində aparılmış işlərlə və Xizək Stadionu Kompleksinin “Xizək klubu” binasının tikintisi ilə tanış olublar.
Senzor.az bildirir ki, “Archico” MMC-nin texniki direktoru Nazim Şirinov dövlət başçısına və birinci xanıma burada görülən və nəzərdə tutulan işlər barədə məlumat verib.
Qeyd olunub ki, otelin interyeri Lahıcın ən məşhur misgərlik ustalarının əl işləri olan Lahıc misgərlik sənətinin nümunələri ilə bəzədilib.
Yeni oteldə qonaqların istirahətinin hərtərəfli, dolğun və mənalı təşkili üçün geniş imkanlar yaradılacaq. Burada ümumilikdə 122 nömrə olacaq.
Oteldə idman, “Kids Care” zonaları, işgüzar tədbirlər üçün müasir konfrans zalı və iclas otağı, xizək həvəskarları üçün xizək məktəbi və iki xizək simulyatoru ilə təchiz edilmiş mərkəz fəaliyyət göstərəcək.
Otelin yerləşdiyi əraziyə xizək sürənlərin rahat yaxınlaşmalarını təmin etmək üçün burada ilk dəfə “MegaCord” əlaqələndirici lift fəaliyyət göstərəcək. Bu lift oteli ümumi kanat yolları şəbəkəsi ilə birləşdirəcək.
Qeyd edək ki, yeni otelin interyerində milli ornamentlərə üstünlük verilib. Taxtadan hazırlanan və əl işi olan Qarabağ xalçasının nümunəsi də otelin interyerini bəzəyən elementlərdən biri olacaq.
Oteldə 250 yerlik restoran qonaqların ixtiyarına veriləcək.
Məlumat verilib ki, inşaat işlərinin ikinci fazasında otelin yaxınlığındakı dağlıq ərazidə gəzinti parkının tikintisi də nəzərdə tutulur.
Sonra dövlət başçısı, birinci xanım və ailə üzvləri Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən Xizək Stadionu Kompleksinin “Xizək klubu” binasının tikintisi ilə tanış olublar.
Qeyd edək ki, “Xizək klubu” binasında kafe, brifinq, iclas və konfrans zalları, mətbuat nümayəndələri üçün otaq olacaq. Yalnız qış mövsümündə deyil, bütün ilboyu burada “Xizək klubu”nun üzvü olanlar, o cümlədən uşaq və yeniyetmələr üçün xizəksürmə kursları təşkil ediləcək.
Xizək Stadionu Kompleksində yaradılmış yamac Beynəlxalq Xizək və Snoubord Federasiyasının bütün tələb və standartlarına tam cavab verir. Burada idmanın bu növü üzrə müxtəlif beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsi üçün hərtərəfli şərait yaradılacaq. İdman kompleksində idmançıların, məşqçilərin və azarkeşlərin rahatlığı üçün bütün məqamlar nəzərə alınacaq. Burada 500 nəfərlik tribuna quraşdırılacaq.
Qeyd edək ki, artıq bir neçə ölkə öz idmançılarının Şahdağ Turizm Kompleksinin ərazisində inşa olunan Xizək Stadionu Kompleksində təlim-məşq toplantıları keçirmələri üçün müraciət edib.
Beləliklə, burada yaradılan şərait bir daha Azərbaycanın idman ölkəsi kimi dünyada beynəlxalq rolunu daha da artırmaqla yanaşı, ölkəmizdə idmanın bir çox növü üzrə nüfuzlu yarışların keçirilməsi üçün mühüm layihələrin icra olunduğunu, müasir infrastrukturun qurulduğunu nümayiş etdirir.
Xizək Stadionu Kompleksinin istifadəyə verilməsi ilə gənc nəsildə idmanın bu növünə olan maraq artacaq, bu sahədə idmançılar yetişəcək, ölkəmizi beynəlxalq səviyyəli idman yarışlarında layiqincə təmsil edəcəklər.
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şahdağ Turizm Kompleksində istirahət edən insanlarla görüşüblər.