Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama yayıb.
Senzor.az-ın məlumatına görə, Agentliyin mətbuat katibi Pərvanə İmanova KİV-ə açıqlamasında bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-ya məlumat daxil olub.
"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib", - o əlavə edib.
Qeyd edək ki, ötən gün Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb.
Onu da qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) məlumat yayaraq Afrika qitəsində saxlanılan gəmilərin ASCO-ya aid olmadığını bildirib.