Bazar günü Batumidə etiraz aksiyası zamanı 8 nəfər saxlanılıb.
Senzor.az bildirir ki, bunu jurnalistlərə çıqlamasında Acarıstanın Batumi Şəhər Polis İdarəsinin rəisi İrakli Dqebuadze deyib.
"Saxlanılanların hamısı inzibati xətalarda - polis əməkdaşlarını təhqir etməkdə və müqavimət göstərməkdə ittiham olunurlar", - Dqebuadze bildirib.
Gürcüstan KİV-lərinin məlumatına görə, Acarıstan Hökumət Evi yaxınlığında keçirilən etiraz aksiyasında vəziyyət Tbilisidən gəlmiş müxalifət partiyası “Dəyişikliklər Koalisiyası”nın liderləri Elene Xoştariya və Giorgi Kirtadzenin etirazçılara qoşulmasından sonra gərginləşib. Gürcüstan mətbuatının məlumatına görə, Xoştariya və Kirtadze polis tərəfindən saxlanılıblar.
Giorgi Kirtadze və Elene Xoştariya
Bir gün əvvəl Batumidə hökumət siyasətinə qarşı etiraz aksiyasının on iştirakçısı da saxlanılıb, onlardan dördü yaxın günlərdə məhkəmə qarşısına çıxmaq üçün zaminə buraxılıb.
Bazar günü Tbilisidə, hakimlərin korporativ iclasının keçirildiyi Babilo restoranının yaxınlığında da polislə etirazçılar arasında toqquşmalar baş verib. Gürcüstan Patrul Polisinin rəis müavini Sergi Bzişvilinin jurnalistlərə verdiyi məlumata görə, restoranda etiraz aksiyasının bir neçə iştirakçısı saxlanılıb.
“Saxlanılanlar qanunsuz olaraq yolu bağlayıb, polisə yumurta atıb və onları təhqir ediblər”, - Bzişvili bildirib.