
2027-ci ildə keçiriləcək Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə Azərbaycan sədrlik edəcək.
Senzor.az bildirir ki, bu barədə Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov məlumat verib.
O xatırladıb ki, hazırkı iclasa hazırlığın gedişində nümayəndə heyətləri növbəti görüşün 2027-ci ildə Azərbaycanda keçirilməsini razılaşdırıblar. Berdıməhəmmədov bu qərar münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
O, C6 formatının dövlətlər arasında qarşılıqlı etimadın və konstruktiv əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əmin olduğunu bildirib.
"Türkmənistan sülhün, sabitliyin və mehriban qonşuluğun daha da möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verərək, qarşıdan gələn görüşün uğurla hazırlanmasına və keçirilməsinə hərtərəfli köməklik və lazımi dəstək göstərəcək", - o vurğulayıb.
Qırğızıstan Prezidenti Sadır Japarov isə deyib: "Əminəm ki, Azərbaycanın sədrliyi birgə işimizə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək. Qırğız Respublikası da lazımi dəstəyi göstərməyə və Azərbaycanın sədrlik prioritetlərinin uğurla həyata keçirilməsinə kömək etməyə hazırdır".
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon bildirib ki, Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycanın sədrliyini Düşənbə də tam dəstəkləyəcək: “Tacikistan Azərbaycanın konstruktiv təşəbbüslərini dəstəkləməyə və əldə edilən razılaşmaların praktiki həyata keçirilməsinə kömək etməyə hazırdır. Əminəm ki, qarşılıqlı etimad və mehriban qonşuluq ortaq məqsədlərə doğru ardıcıl şəkildə irəliləməyə davam etməyimizə imkan verəcək. Azərbaycanı sədrliyi münasibətilə təbrik edirəm və biz onu hər cür dəstəkləyəcəyik”.