
Fransada oktyabrın 24-də keçirilən nümayişlərdə Daxili İşlər Nazirliyinin məlumatına görə, 410 min, Ümumi Əmək Konfederasiyasının (CGT) hesablamasına əsasən isə 800 min nəfər iştirak edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Parisdəki yürüş əvvəlcə sakit keçsə də, aksiya iştirakçılarının dağılışması zamanı gərginlik yaranıb. Marsel, Lill və Lion da daxil olmaqla bir sıra böyük şəhərlərdə toqquşmalar baş verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Parisdə yürüşə 110 min nəfər qatılıb, CGT isə iştirakçıların sayını 250 min nəfər göstərib. Polis prefekturasının əvvəlki gün razılaşdırılmış marşrutu dəyişdirməsindən sonra yürüş saat 14:00-da İtaliya qapısından başlayaraq, Vensen qapısına doğru hərəkət edib.
Lionda nümayişlərin keçirilməsi qadağan olunmasına baxmayaraq, təxminən 10 min nəfər bir neçə icazəsiz yürüşdə iştirak edib. Polis aksiyaları gözyaşardıcı qazdan istifadə etməklə dağıdıb. Marsel və Bordoda da polis gözyaşardıcı qaz tətbiq edib, Lilldə isə su şırnaqlı maşınlardan istifadə olunub.
"Bu gün biz yenidən son dərəcə yüksək səviyyədə zorakılıqla üzləşdik, saxlanılanların sayı artıq min nəfərə yaxınlaşır", - nazir bildirib.
Nazir Parisdəki aksiyanın marşrutunun son nöqtəsi yaxınlığında, Vensendə çıxış edərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstəyini ifadə edib. O, aksiyaların pozulmasına yönəlmiş çağırışların siyasi qruplardan və ya hüquq pozuntusu törədən şəxslərdən qaynaqlandığını bildirib, polis əməkdaşlarının qanun çərçivəsində və mütənasib şəkildə hərəkət etdiyini vurğulayıb.