
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbs müddətini daha iki ay uzadıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanın vəsatətini saatlarla davam edən iclasdan sonra təmin edib.
Robert Köçəryan avqustun 25-də saxlanılıb. Keçmiş prezidentə əmlakın qanunsuz əldə edilməsi ilə bağlı iş üzrə ittiham irəli sürülüb.
İstintaqın versiyasına görə, Köçəryan prezidentliyi dövründə digər şəxslərlə əlbir olaraq vəzifə səlahiyyətlərindən istifadə edib və bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.
Avqustun 27-də onun barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib. Köçəryanın oğlu Sedrak Koçaryan da iki ay müddətinə həbs edilib. Bu gün onun da həbs müddəti daha iki ay uzadılıb.
Cinayət işi çərçivəsində Köçəryan ailəsinə məxsus 35 əmlak vahidi araşdırılır. Həmçinin bəzi şirkətlərin fəaliyyəti dayandırılıb və onların obyektləri möhürlənib.
Qeyd edək ki, oktyabrın 14-də Apellyasiya Məhkəməsi Ermənistanın ikinci prezidentinin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.