
Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək.
Senzor.az bildirir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək.
Dünya çempionatında 189 ölkənin iştirakı ilə minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.
Azərbaycan dünya çempionatında Famil Xəlilovun başçılıq etdiyi U-16 yığması ilə təmsil olunacaq. Komanda bu gün saat 19:30-da Bakı Kristal Zalında keçiriləcək ilk oyunda Timor-Leste yığması ilə üz-üzə gələcək. Bu qarşılaşmadan əvvəl, saat 19:00-da isə eyni məkanda yarışın rəsmi açılış mərasimi təşkil olunacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Kompleksdə oyunların yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülüb. Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb, həmçinin burada yarışın yüksək səviyyədə təşkili üçün bütün digər zəruri infrastruktur yaradılıb.
Xatırladaq ki, Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə elə həmin meydançada üz-üzə gələcək.