
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi 82 kq narkotik vasitə və 6 365 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin adıçəkilən İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.
Paytaxt ərazisində, eləcə də Gəncə və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıblar.
Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6 365 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.