Rusiya Qarabağda növbəti dəfə Qərbi qabaqladı: bir tərəfdən, separatçıların başına Azərbaycanla danışıqlarda iştirak edən Samvel Şahramanyanın gətirilməsinə nail oldu, o biri tərəfdən də, eyni gündə Azərbaycanın təklif etdiyi marşrut üzrə - Ağdam-Xankəndi yoluyla yüklərin Qarabağ ermənilərinə çatdırılması məsuliyyətini öz üzərinə götürdü.
Ukraynada bu ölkənin ərazi bütövlüyünə və separatizmin yatırılmasına dəstək vermək adı altında Rusiya ilə müharibə aparan ABŞ və Avropa İttifaqının əsas qurucu üzvləri isə, nədənsə, eyni yanaşmanı Azərbaycanın ərazi bütövlüyünə və Qarabağdakı erməni separatizminə münasibətdə ortaya qoymurlar. Əksinə, “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizm yaradılmalıdır” tezisiylə ABŞ və Avropada Azərbaycan əleyhinə müzakirələr təşkil edir, bu toplantılarda Azərbaycanı etnik təmizləmədə, genosiddə suçlayır, Qarabağda “Kosovo ssenarisi”nin tətbiqinə zəmin hazırlayırlar...
Görünən odur ki, Qərbin regiona Qarabağ üzərindən giriş cəhdlərindən ciddi şəkildə narahat olan Rusiya qarşıdakı mərhələdə Qarabağda məhz Azərbaycan Prezidentinin təklif etdiyi sxem və plan üzrə hərəkətə razılıq verməklə həm Ermənistan-Azərbaycan sülh danışıqlarında moderator təşəbbüsünü özündə saxlayacaq, həm də əsas diqqəti Ermənistanın daxilinə yönəltməyə və Paşinyanın mövqelərinin daha da zəiflədilməsinə, Kremlin şərtlərinin İrəvanda qəbuluna çalışacaq.
2020-ci ildə olduğu kimi, 2023-cü ildə də bölgənin geopolitik taleyinə təsir göstərəcək addımlar Ərdoğan-Putin razılaşması əsasında atılır...