BRICS sammitinin Kazanda keçirilməsi beynəlxalq arenada mühüm hadisələrdən biri kimi diqqət çəkir. Bu sammitin qeyri-adi maraq doğurmasının səbəbi isə təkcə iqtisadi məsələlərin deyil, həm də mühüm geosiyasi qərarların qəbuluna səhnə olmasıdır. Bu kontekstdə Azərbaycan və Türkiyənin BRICS-ə üzv olmaq üçün verdiyi müraciətlər bu platformanın siyasi və iqtisadi potensialını daha da artıran amillərdən biri kimi çıxış edir.
Azərbaycanın bu təşkilata qatılması yalnız regional deyil, qlobal miqyasda iqtisadi və siyasi güc balanslarına təsir edə biləcək amillərdən biri kimi nəzərdən keçirilməlidir.
BRICS qeyri-rəsmi dövlətlər birliyidir. 2024-cü ilə qədər ona Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası (ingiliscə "South Africa") daxil idi və ölkələrin adlarının ilk hərfləri bu qısaltmanı yaratmışdır. 2024-cü ilin 1 yanvar tarixindən etibarən İrana, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Misirə və Efiopiyaya blokda yer verilib, lakin artıq mövcud olan adın tərkibinə yeni hərflər əlavə edilməməsinə qərar verilib.
BRICS-in nizamnaməsi, xartiyası və ya digər tənzimləyici sənədləri yoxdur, buna görə də onu beynəlxalq təşkilat adlandırmaq olmaz. Bu birlik iqtisadiyyat, siyasət və təhlükəsizlik sahələrində maraqları uyğun gələn ölkələr üçün tərəfdaşlıq platformasına çevrilib.
Hər il BRICS nümayəndələri çoxsaylı görüşlər keçirirlər. Əsas və yekun tədbir illik sammit olur. Bu sammitdə üzv dövlətlərin liderləri və nazirlik rəhbərləri iştirak edir. Sammitdə ilin yekunları müzakirə olunur və bəyannamə qəbul edilir.
Sammiti hər il birliyə sədrlik edən ölkə təşkil edir - bu rol hər il dəyişir. 2024-cü ildə BRICS-ə Rusiya rəhbərlik edir, buna görə də XVI sammit orada keçiriləcək. Bu tədbir üçün Kazan seçilib, çünki şəhərin beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəsi var. 22-24 oktyabr tarixlərində Tatarıstanın paytaxtına xarici dövlətlərin rəhbərləri və BMT Baş katibi Antonio Quterreş daxil olmaqla 20 mindən çox qonaq gələcək.
Kazanda keçiriləcək BRICS sammitinə kimlər gələcək?
BRICS dövlətlərinin birinci şəxsləri:
Rusiya Prezidenti Vladimir Putin
Çin Xalq Respublikasının sədri Si Cinpin
Hindistanın Baş naziri Narendra Modi
CAR Prezidenti Siril Ramafosa
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan
Misir Prezidenti Əbdülfəttah Xəlil əs Sisi
İran Prezidenti Masud Pəzeşkiyan
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli
Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud
Digər dövlətlərin nümayəndələri:
Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Belarus Prezidenti Aleksandr Lukaşenko
Serbiya Respublikası Prezidenti Milorad Dodik
Serbiya Baş nazirinin müavini Aleksandar Vulin
Monqolustan Prezidenti Uxnaagiyn Xürelsux
Laos Prezidenti Thongloun Sisoulith
Konqo Prezidenti Deni Sassou Nguesso
Boliviya Prezidenti Luis Arce Katakora
Fələstin Prezidenti Mahmud Abbas
Ermənistan Baş naziri Nikol Paşinyan
Malayziya Baş naziri Anwar Ibrahim
Tailand xarici işlər naziri Marit Sangiampong
Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Raşid Əz-Zayani
Şri Lanka xarici işlər naziri Ali Sabry
Vyetnam Baş naziri Pham Minh Chinh
Təşkilat rəhbərləri:
BMT baş katibi Antonio Quterreş
ŞƏT baş katibi Zhang Ming
MDB baş katibi Sergey Lebedev
Avrasiya İqtisadi İttifaqı baş katibi Tayir Mansurov
Rusiya və Belarus İttifaq Dövlətinin baş katibi Dmitri Mezentsev
BRICS-in Yeni İnkişaf Bankının prezidenti Dilma Rousseff
Sammitdə iştirakını təsdiq etməyənlər: Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Suriya və Kuba dövlət başçıları və Əfqanıstanın Baş nazir müavini.
BRICS sammitinin Kazanda keçiriləcək əsas mövzuları çoxtərəfliliyin gücləndirilməsi, yeni üzvlərin inteqrasiyası və regional münaqişələrin həlli olacaq, bunu Prezidentin köməkçisi Uşakov bildirib.
22 oktyabr axşamı Kazan meriyasında iştirakçılar üçün qeyri-rəsmi şam yeməyi təşkil olunacaq. BRICS sammitinin işi 23 oktyabr səhəri başlayacaq.
İlk gün çoxtərəfliliyin gücləndirilməsi ilə bağlı iki iclas keçiriləcək. Xüsusilə, nümayəndə heyətlərinin dar çərçivədəki üzvləri regional münaqişələrin həlli, BRICS daxilində maliyyə qarşılıqlı əlaqələri və gələcək genişlənmə ssenarilərini müzakirə edəcəklər, Uşakov bildirib.
Axşam isə Rusiya Prezidenti Vladimir Putin adından təntənəli qəbul keçiriləcək. Təntənəli tədbirdə BRICS üzvləri və MDB-nin “outreach” / “BRICS Plus” formatında nümayəndələri iştirak edəcəklər. Putin İran və Türkiyə prezidentləri Məsud Pəzeşkiyan və Rəcəb Tayyib Ərdoğan, eləcə də Efiopiya Baş Naziri Abiy Əhməd Əli ilə ikitərəfli görüşlər keçirmək niyyətindədir.
24 oktyabrda “BRICS və qlobal Cənub, daha yaxşı bir dünya qurmaq üçün birgə fəaliyyət” mövzusunda iclas keçiriləcək və burada Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriləcək. İclasın yekununda Rusiya Prezidentinin mətbuat konfransı gözlənilir.
Bundan sonra Putin Fələstin, Laos, Mavritaniya, Boliviya, Serbiya Respublikası prezidentləri, BMT Baş katibi və Vyetnam Baş naziri ilə yeddi ikitərəfli görüş keçirəcək.
Sammitin nəticəsi olaraq Kazan Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.
Yuri Uşakovun dediyinə görə, BRICS üçün yeni “tərəfdaş-dövlət” kateqoriyasının modallıqlarının hazırlanması da planlaşdırılır: "Gələcəkdə bu tərəfdaşlıq mexanizmi vasitəsilə yeni üzvlərin qəbul edilməsi nəzərdə tutulur. Bu mexanizm demək olar ki, bütün regional təşkilatlarda mövcuddur - xüsusilə bu kontekstdə Şanxay Əməkdaşlıq Təşkilatını qeyd etmək olar. Bu, çox vacibdir. Ümid edirik ki, "tərəfdaş-dövlət" modallıqlarını tamamilə razılaşdırmaq mümkün olacaq və bu zaman BRICS-lə əməkdaşlığa kimin və necə dəvət olunacağı daha aydın olacaq”.
...Azərbaycanın BRICS-ə üzvlüyü, hər şeydən əvvəl, ölkənin geosiyasi və iqtisadi mövqeyini daha da gücləndirəcək. Azərbaycanın Cənubi Qafqazda tranzit və logistika mərkəzi kimi rolu həm regional, həm də qlobal güclər üçün önəmli perspektivlər açır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Xəzər nəqliyyat marşrutu kimi layihələr Azərbaycanın regiondakı nəqliyyat infrastrukturunda strateji üstünlüklərə malik olduğunu sübut edir. Bu isə BRICS üzvləri üçün böyük əhəmiyyət daşıyır. Çünki bu ölkələr üçün Azərbaycan yalnız enerji təminatçısı deyil, həm də müxtəlif iqtisadi əməkdaşlıq layihələrinin reallaşması üçün əsas tranzit qovşağı rolunda çıxış edə bilər.
BRICS platformasında Azərbaycanın oynaya biləcəyi rol yalnız iqtisadiyyatla məhdudlaşmır. Cənubi Qafqazdakı sabitlik və təhlükəsizlik məsələləri BRICS ölkələri üçün getdikcə daha aktual olur. Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və ətraf rayonları yeni iqtisadi imkanlar yaratmaq potensialına malikdir. Bölgədə həyata keçirilən yenidənqurma işləri və infrastruktur layihələri BRICS üzvləri üçün böyük investisiya imkanları yaradır. Qarabağın iqtisadi inkişafı həm Azərbaycanın daxili inkişafına, həm də regional sabitliyə xidmət edəcək. Bu kontekstdə Azərbaycan BRICS ölkələri ilə birgə layihələr reallaşdırmaq üçün unikal mövqeyə sahibdir. Qarabağın iqtisadi inkişafı və orada həyata keçiriləcək layihələr yalnız Azərbaycanın deyil, BRICS-ə üzv olmaq istəyən digər ölkələrin də maraq dairəsindədir.
BRICS-ə üzvlük Azərbaycanın qlobal siyasi arenada daha aktiv rol oynamasına şərait yaradır. Bu, xüsusilə Qərbin regionda təsirini artırmaq cəhdlərinə qarşı mühüm əks tədbir kimi qiymətləndirilir. Son dövrlərdə Qərb Cənubi Qafqazda balansı pozmaq üçün müxtəlif addımlar atır, xüsusilə Ermənistanı yeni silahlarla təmin edərək bölgədə gərginlik yaratmağa çalışır. Azərbaycan və Türkiyənin BRICS-ə qoşulmaq cəhdləri isə Qərbə qarşı açıq siyasi siqnal kimi dəyərləndirilə bilər. Bu, beynəlxalq münasibətlərdə multipolyar dünyanın güclənməsinə və müxtəlif güc mərkəzlərinin yaranmasına yönəlmiş mühüm addımdır.
Bununla yanaşı, Azərbaycanın BRICS-ə üzv olması onun iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək. Hal-hazırda Azərbaycanın ixracının əhəmiyyətli bir hissəsi BRICS ölkələrinə yönəlib və bu, gələcəkdə daha da artacaq. Azərbaycanın bu təşkilat çərçivəsində əməkdaşlıq perspektivləri yalnız enerji sektoru ilə məhdudlaşmayacaq, eyni zamanda kənd təsərrüfatı, yüksək texnologiyalar, nəqliyyat və infrastruktur layihələrini də əhatə edəcəkdir. Bu isə Azərbaycanın ixracını şaxələndirmək və dünya iqtisadiyyatında daha aktiv rol almaq imkanı yaradır.
Azərbaycanın BRICS-ə qoşulması həm də onun regional diplomatiyasını gücləndirəcək. Bakı artıq uzun müddətdir ki, regionda balanslı və çoxşaxəli xarici siyasət yürüdür. Azərbaycanın bu siyasəti region ölkələri ilə münasibətləri gücləndirərək, regional təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. BRICS üzvü olmaq isə bu siyasətin qlobal səviyyədə daha təsirli olmasına şərait yaradacaq. Azərbaycan artıq Rusiya, Türkiyə, Çin və digər BRICS üzvü ölkələrlə sıx iqtisadi və siyasi əlaqələrə malikdir və bu əlaqələrin daha da genişlənməsi Azərbaycanın regional və qlobal güc mərkəzi kimi çıxış etməsinə imkan verəcək.
Azərbaycanın bu platformaya üzv olmaq istəyinin arxasında duran başqa bir mühüm məqam isə ölkənin strateji maraqlarını qorumaq və daha geniş miqyasda müdafiə etməkdir. BRICS kimi platformalar qlobal güc balanslarının dəyişdiyi bir dövrdə, yeni əməkdaşlıq formatları təklif edərək, Qərbin dominantlığına qarşı alternativ yaradır. Azərbaycanın bu cür platformalarda təmsil olunması isə onun suverenliyi və milli maraqlarını müdafiə etmək baxımından əhəmiyyətlidir.
... Azərbaycanın BRICS-ə üzvlüyü təkcə iqtisadi üstünlüklər gətirməklə qalmayacaq, həm də ölkənin qlobal siyasi arenada mövqeyini gücləndirəcək, regional sabitlik və təhlükəsizliyə töhfə verəcək. Azərbaycanın bu təşkilatın işində aktiv iştirak etməsi onun strateji mövqeyini və potensialını daha da artıracaq.
Elçin ALIOĞLU(Trend)