
Milli Şuranın sədri, sabiq deputat, tarixçi professor Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib.
Senzor.az bildirir ki, Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
C.Həsənlinin sosial şəbəkədə yazdığı məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində ona bir neçə istiqamət üzrə suallar verilib.
Milli Şura sədri bildirib ki, sorğu əsasən Ramiz Mehdiyevin istintaqı çərçivəsində aparılıb. O qeyd edib ki, Mehdiyev vəzifədə olduğu dövrdə onun fəaliyyətini ən çox tənqid edən şəxslərdən biri məhz özü olub.
Professorun sözlərinə görə, DTX əməkdaşları Ziyalılar Forumu və Milli Şura barədə ayrıca maraqlanıblar. Ona bu qurumların fəaliyyət istiqamətləri, hansı məqsədlə yaradılması, təşkilati strukturu, xarici əlaqələrə dair suallar ünvanlanıb.
C.Həsənli qeyd edib ki, DTX-nın maraqlandığı əsas məsələlərdən biri bu qurumların maliyyələşməsi ilə bağlı olub: “Tez-tez soruşurdular ki, Ziyalılar Forumu və Milli Şura haradan maliyyələşir. Mən də bildirdim ki, maliyyə olub ki, haradan maliyyələşmə də olsun...”.
Professorun yazdığına görə, sorğunun bir hissəsi 2013-cü il prezident seçkilərində onun namizədliyi, seçki dönəmi və həmin il baş verən proseslərlə bağlı suallardan ibarət olub.
C.Həsənli əlavə edib ki, məlum “Milyarderlər ittifaqı” haqqında da sorğu aparılıb.
Onun sözlərinə görə, ümumi söhbət 3 saat yarım davam edib.
Qedək ki, C. Həsənli dindirilmək üçün DTX-ya çağırılmışdı. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib.
Bundan öncə isə hava limanında ona ölkədən çıxışın məhdudlaşdırıldığı bildirilib.