Masallı rayonunda mal-qara oğurlayan şəxslər saxlanılıb.
Senzor.az DİN Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən bildirir ki, Masallı rayon sakini E.Həsənova məxsus 10 baş qoyunun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin heyvanları rayonun Mahmudavar kənd sakini, əvvəllər məhkum olunmuş Elgün İsgəndərovun oğurladığı müəyyən edilib. Oğurlanan 10 baş qoyun aşkarlanaraq sahibinə qaytarılıb.
Polis əməkdaşları tərəfindən E.İsgəndərovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun tanışları İ.Əskərov və C.Allahverdiyevlə birlikdə Masallı rayonunun Çayqıraq kəndi ərazisindəki otlaq sahəsindən bir baş inək oğurladıqları da müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.