Bütün dünyada qadınlar və qızlar kişilər tərəfindən aparılan müharibələrdən əziyyət çəkirlər.
BMT-nin saytı xəbər verir ki, bunu təşkilatın rəhbəri Antonio Quterreş martın 11-də Nyu-Yorkda Qadınların Statusu üzrə Komissiyanın 68-ci sessiyasının açılışında deyib.
“Əfqanıstanda Taliban qadın və qızların hüquqlarını pozan 50-dən çox fərman verib. Sudanda davam edən münaqişə zamanı onlarla qadının təcavüzə və digər cinsi zorakılığa məruz qaldığı bildirilir”, - deyə Baş katib qeyd edib.
O, BMT-nin münaqişələrdə cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Pattenin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı qadınlara və qızlara qarşı cinsi zorakılıq və işgəncə hallarını sənədləşdirən hesabatını xatırladıb.
Baş katib qeyd edib ki, fələstinli qadınlara qarşı həbsxanalarda, evlərdə axtarışlar zamanı və işğal olunmuş Fələstin ərazilərində nəzarət-buraxılış məntəqələrində törədilən cinsi zorakılıq faktları da var. O, həmçinin xatırladıb ki, Qəzzada öldürülən mülki əhalinin üçdə ikisindən çoxu qadın və uşaqlardır.
“Bu arada, qadınların tam iştirakının sülh quruculuğunu daha təsirli etdiyinə dair sübutlara baxmayaraq, qərar qəbuletmə prosesində iştirak edən qadınların sayı faktiki olaraq azalır. Qadınlar Efiopiya, Sudan, Myanma və Liviyada münaqişələrə son qoymaq üçün aparılan danışıqlarda iştirak etmədilər”, - deyə A.Quterreş bildirib.
O, vurğulayıb ki, ölkələrdə hakimiyyətlər qadınları sülh quruculuğu prosesinə cəlb etmək üçün qarşıya məqsədlər qoymalı, habelə müvafiq büdcə və investisiya siyasətini formalaşdırmalıdır.
BMT-nin rəhbəri bildirib ki, qadınların hüquqlarının müdafiəsi sahəsində əldə edilmiş böyük irəliləyişlərə baxmayaraq, patriarxat sistemi hələ məğlub olmaqdan uzaqdır. Quterreş qeyd edib ki, üstəlik, o, öz mövqeyini bərpa edir: avtokratlar və populistlər qadınların hüquqlarına, o cümlədən onların cinsi və reproduktiv hüquqlarına hücum edirlər. Onlar “ənənəvi” dəyərlər adlandırdıqları yaşayış tərzini təbliğ edirlər.
“Patriarxat, həqiqətən, çox qədim bir ənənədir. Qadınlara qarşı ayrı-seçkiliyin tarixi min illər əvvələ gedib çıxır. Biz onun geri qayıtmasını istəmirik”, - deyə Quterreş bildirib. O əlavə edib: “Biz nənələrin nəvələrinin onlardan daha az hüquqlara sahib olacağından qorxduğu dünyanı qəbul edə bilmərik”.
Baş katib xatırladıb ki, texnologiya sektorunda hələ də kişilər üstünlük təşkil edirlər. Onların hazırladıqları sistemlərə qadınların ehtiyaclarını və hüquqlarını nəzərə almayan qərəzli alqoritmlər daxil olduğuna dair kifayət qədər sübutlar var.
A.Quterreş qeyd edib: “Kişilər tərəfindən idarə olunan alqoritmlər şəhər planlamasından tutmuş kredit reytinqlərinə, tibbi vizual müayinəyə qədər hər şeydə qeyri-bərabərliyi proqramlaşdıra bilər”. O, qərəzli alqoritmlərin kişilərə və oğlanlara da zərər verə biləcəyini vurğulayıb və əlavə edib: “Hökumətlərin, vətəndaş cəmiyyətinin və bütün dünyanın “Silikon vadilərinin” rəqəmsal gender uçurumunu aradan qaldırmaq və bütün səviyyələrdə rəqəmsal qərarların qəbulunda qadınların iştirakını təmin etmək üçün güclərini birləşdirməyin vaxtıdır”.
BMT-nin rəhbəri onu da xatırladıb ki, qadınlar kişilərə nisbətən yoxsulluqla daha çox üzləşir: onların torpağa, təbii resurslara və maliyyə aktivlərinə çıxışı məhduddur.
Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, dünyada qadınlar kişilərin qazandığı hər dollar üçün cəmi 51 sent qazanırlar. Üstəlik, maliyyə nazirlərinin 80 faizindən çoxu və mərkəzi bank rəhbərlərinin 90 faizindən çoxu kişilərdir.
Baş katib vurğulayıb: “İqtisadiyyatın qadınların üstünlük təşkil etdiyi sektorları lazımınca qiymətləndirilmir, onlara az maaş verilir və bəzi hallarda hətta əməkhaqqı ödənilmir. Qadınların ilk baxışda görünməyən ev əməyi bütün iqtisadiyyat üçün subsidiyadır”.
BMT-nin rəhbəri daha sonra bildirib: “Bu arada, bir çox qadınların həyatının ayrılmaz hissəsi olan zorakılıq pis bir dairəni alovlandıra bilər: yoxsulluq zorakılıq riskini artırır, zorakılıq isə yoxsulluq riskini artırır. Bu, sadəcə olaraq qəbuledilməzdir”.
A.Quterreş sonda deyib: “Hökumətlər yaxınlara ödənişsiz qayğı işinin kritik iqtisadi rolunu tanımalı və evdən kənarda pullu iş axtararkən həm anaları, həm də ataları dəstəkləyən siyasət həyata keçirməlidir. Layiqli məşğulluq, təlim, bacarıqların inkişafı, əlçatan dövlət xidmətləri və sosial müdafiə vasitəsilə qadınların tam iqtisadi iştirakını və onların səlahiyyətlərinin artırılmasını təşviq edən siyasət tələb olunur”.(AZƏRTAC)