
Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
Senzor.az xatırladır ki, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.
Belə ki, 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.
Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutunun səbəblərini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu məsələdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.
Onu da qeyd edək ki, 17 noyabr 1992-ci ildə təsis edilən Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən, iş günü sayılır.
Buna baxmayaraq, Azərbaycan bu bayramı həmişə, xüsusən də 2020-ci ildən etibarən fərəh və qürurla qeyd edir. Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrinə ağır və sarsıdıcı zərbələr vuraraq işğalda olan ərazilərimizi azad edib. Bu, eyni zamanda İranla 132 kilometr sərhədin bərpa olunması deməkdir. Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində həm də suverenliyini tam olaraq bərpa edib. Ərazi bütövlüyünün və suverenliyin təmin olunması isə Azərbaycanın gələcək inkişafı, regionda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsi üçün yeni imkanlar yaradıb...