
Fransanın paytaxtı Parisdə baş verən iğtişaşlar zamanı azı 855 nəfər saxlanılıb. Limoj şəhərində isə radikallar tərəfindən yandırılan bələdiyyə binasının zəng qülləsinin çökməsi ilə əlaqədar 17 nəfər polis nəzarətinə götürülüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıblar. Parisdə 13 polis əməkdaşı və 2 yanğınsöndürən yaralanıb. Etirazçılar arasında ölüm hadisəsi qeydə alınıb. Yürüş iştirakçılarından birinin halı pisləşib və o, təcili tibbi yardım şöbəsində vəfat edib.
Fransada iğtişaşlar fonunda qarət halları da kəskin artıb. “France 24” telekanalının məlumatına əsasən, fürsətdən istifadə edən şəxslər Marsel şəhərində zərgərlik salonlarına, bahalı geyim və kosmetika mağazalarına, eləcə də çörək sexlərinə hücum ediblər. Yanğınsöndürənlər ayaqqabı mağazasında baş verə biləcək yanğının qarşısını alıblar, amma xeyli avtomobil və ofis yandırılıb.
Lill şəhərində qarətçilər “Apple” mağazasına daxil olublar. Nitsada isə idman geyimləri mağazaları və motosalon qarətə məruz qalıb. Həmçinin bəzi şəxslərin oğurlanmış əşyaları küçələrə səpdiyi və mağazaların şüşələrini sındırdığı bildirilib.