Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Salyan rayonunun Xocalı kəndi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuta Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 18-də Masallı rayonu, Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü Etibar Məmmədovun üzərində xəsarət izləri olan meyitinin Salyan rayonu, Xocalı kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə Etibar Məmmədovun sərnişin kimi avtomobilinə götürdüyü 1975-ci il təvəllüdlü Müşviq İskəndərov tərəfindən, aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşviq İskəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.