Paytaxtda mənzildən əl qumbarası tapılıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonundakı mənzillərin birində partlayıcı-sursat olması barədə FHN-ə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu və polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Polis əməkdaşları tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra XRXX-nin minalardan təmizləmə üzrə çevik qrupu tərəfindən Yasamal rayon sakininin kirayə yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Faktla bağlı DİN tərəfindən araşdırma aparılır.