Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, ötən gecə FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 16 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən taxta konstruksiyalı tikilidə baş verdiyi və genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq FHN qüvvələrinin həyata keçirdiyi operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənib mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi 35kv.m olan tikilinin 6kv.m sahədə üzlüyü və 4m uzunluğunda rəf yanıb, mənzillər yanğından mühafizə olunub.