Dekabrın 16-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.
Senzor.az bildirir ki, bu barədə Kollegiyadan məlumat verilib.
İclası giriş sözü ilə açan Rəyasət Heyətinin sədri Anar Bağırov Heyətə yeni seçilən üzvləri təbrik edərək onlara uğurlar arzulayıb. O, yeni üzvlərin bilik və bacarıqları ilə vəkilliyin inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayıb.
Bildirib ki, son beş ildə Kollegiyanın əsas hədəfi ölkəmizdə vəkillik peşəsinin daha geniş tanınmasına, bu sahəyə marağın artırılmasına, yeni nəsil hüquqşünasların vəkilliyə üz tutmasına, Vəkillər Kollegiyasının institusional baxımdan güclənməsinə nail olmaqdır. Bu hədəflərə nail olunduğunu vurğulayan Kollegiya sədri deyib: “Təbii ki, dövlətin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi olmadan bu uğurları əldə etmək mümkün olmazdı. Biz hər zaman bu dəstəyi, qayğını hiss etmişik. Məhz bunun nəticəsində vəkilliklə bağlı çox ciddi normativ- hüquqi aktlar qəbul olunub və bu işi bu gün də davam etdiririk, yeni layihələr hazırlayırıq. Çalışacağıq ki, vəkillik fəaliyyətində mövcud boşluqlar növbəti beş ildə aradan qaldırılsın, vəkillər daha peşəkar və sərbəst formada fəaliyyət göstərə bilsinlər. Hesab edirəm ki, bunun üçün bütün imkanlarımız mövcuddur”.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş beş nəfər vəkilliyə namizədin andiçmə mərasimi keçirilib.
Bundan başqa, “Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”, “Gənc vəkillər komitəsi” və “Fərdi vəkillərin koordinasiyası komitəsinin təsis edilməsi” məsələsinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova “Ekosid” cinayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə olunması ilə bağlı qanunvericiliyə dəyişikliyin olunması barədə məruzə ilə çıxış edib.
İclasda, həmçinin Vəkillərin İxtisas Komissiyasının vəkil olan üzvlərinin yeni tərkibi müəyyənləşdirilib. Belə ki, vəkillər Turqay Hüseynov, Fərid Həsənov, Oktay Məhərrəmov, Ayxan Rüstəmzadə, Şaiq Mirzəyev Komissiyanın yeni üzvləri təyin olunublar.
Eyni zamanda, iclasın gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad edilməsi və sair məsələlərə baxılıb.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə olunub.