Xaçmazın Həsənqala kəndi ərazisində yerləşən “Həsənqala” təpəsində aparılan arxeoloji qazıntılar zamanı qiymətli tarixi maddi mədəniyyət nümunələri tapılıb.
Trend xəbər verir ki, bu ərazidə qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Döyüş Musayev bildirib ki, ərazidə 2018-ci ildən arxeoloji qazıntılara başlanılıb. Qazıntılar nəticəsində məlum olub ki, yaşayış məskənində üst təbəqə IX-XII əsrlərə, ondan sonrakı təbəqə isə antik dövrə, sarmat tayfalarına aiddir.
“Bu il aparılan qazıntı işləri zamanı erkən tunc dövrünə aid insan skeleti tapılıb. Bu, şimal zonasında həmin dövrə aid tapılan ilk insan qalıqlarıdır. İnsan skeletinin ölçülərinə görə uşağa aid olduğunu deyə bilərik. Belə ki, onun boyu 1 metr 20 santimetrdir. Maraqlı fakt odur ki, tapılan skeletin ayaq barmaqları olmayıb. Skletin eramızdan əvvəl III minilliyə aid olduğu ehtimal edilir”, - deyə tarixçi alim söyləyib.
Bundan əlavə, arxeoloji qazıntılar zamanı “Həsənqala” təpəsindən eramızdan əvvəl III minilliyə aid bəzəkli saxsı, sümükdən biz, döyüş daş baltası da aşkarlanıb.