Bu gündən Bakıda istilik verilməsinə başlanılır.
Senzor.az bildirir ki, bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.
Qeyd edilib ki, paytaxtda payız-qış mövsümü cari il noyabr ayının 15-dən başlayır və növbəti ilin 15 aprelinə qədər davam edir: "Cari mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 561 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3863 yaşayış binasının, 184,0 minə yaxın mənzilin, 285 orta məktəbin, 127 uşaq bağçasının, 151 səhiyyə müəssisəsinin və 2500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.
2023-2024-cü illər payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdırılıb və mövsümə vaxtında başlanması, istehlakçıların dayanıqlı və keyfiyyətli istilik enerjisi ilə təchiz edilməsi üçün nəzərdə tutulan bütün tədbirlərin vaxtında icra edilməsi təmin edilib".
Qeyd edək ki, respublikanın dağ rayonlarında istilik verilməsinə 1 noyabrdan başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək. Dağ rayonlarında 34 yaşayış binasının, 16 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 18 sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Cəmiyyətə məxsus gücü 8110 kVt/saat olan 7 qazanxana tam hazır vəziyyətə gətirilib. 1 noyabr tarixindən etibarən ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı binanın istilik və isti su ilə təmin edilməkdədir.