Astara rayonunun Şahağacı kəndində torpaq sürüşməsi yenidən intensivləşib, nəticədə 50-yə yaxın ev üçün təhlükəli vəziyyət yaranıb.
Senzor.az-ın məlumatına görə, bir neçə müddətdir ki, ərazidən keçən Pensərçay torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır. Çay sağ və sol sahillərinə doğru 20–25 metr genişlənib. Sakinlər deyirlər ki, yol daraldığından ağırtonnajlı yük maşınları hərəkət edə bilmir. Əraziyə çağırılan təcili yardım maşınları isə uzaqda saxlamağa məcbur olur.
Torpaq sürüşməsi vətəndaşların həyətyanı sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Baş verən hadisə nəticəsində 20-25 metr enində, 45-50 metr uzunluğunda torpaq qatı sürüşərək, kənd sakinləri Səfail İbadov, Möhsün Möhsümov və digərlərinin həyətyanı sahələrindəki tikililəri, 50-yə yaxın sitrus, eləcə də meyvə ağacını aparıb.
Sakinlər narahatdırlar ki, əgər çay kənarına bənd vurulmasa, növbəti seldə daha böyük fəsadlar yaranacaq və yaşadıqları evləri tərk etmək məcburiyyətində qalacaqlar.
Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov deyib ki, yeddi evə gedən yol tamamilə yuyulub, gediş-gəliş üçün məhdudiyyətlər yaranıb: “Baş verən təbii fəlakətlə bağlı dərhal rayon İcra hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmin yerlərə baxış keçirilib. Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına məlumat verilib. Onların əməkdaşları həmin ərazilərə baxış keçirib və akt tərtib ediblər. Ərazidə bənd vurma işlərinin görülməsi müzakirə olunub”.