Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.
Senzor.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.
Qeyd edək ki, Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub. O, Dövlət İdarəçilik Akademiyasını, daha sonra isə Xəzər Universitetinin magistr proqramıni bitirib.
“Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor və "İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisaslaşmış kvalifikasiyaya sahibdir.
Dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin direktoru kimi faəliyyət göstərib.
2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun müşaviri vəzifəsinə təyin olunub. Həmin ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri olaraq fəaliyyət göstərib.
2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.
Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunmuşdu. Nazir təyinatınadək həmin vəzifədə idi.
Ailəlidir, iki övladı var.