Noyabrın 20-də saxlanılan "Abzas Media" saytının direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Senzor.az bildirir ki, Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.
Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmin məhkəmədə istintaq orqanının "Abzas Media" saytının bu gün saxlanılan baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində təqdimatına da baxılıb. Məhkəmənin qərarı ilə Sevinc Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış aparılıb. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.