“III Respublika Platforması”nın spikeri Akif Qurbanov barəsində cinayət işi başlanılıb.
Senzor.az bildirir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb.
O qeyd edib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Toplum TV-nin əməkdaşı Fərid İsmayilov barəsində də cinayət işi başlanılıb.
Vəkili Zibeydə Sadıqova bildirib ki, Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, bu gün Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
“III Respublika Platforması”nın ofisindən 30 min avro pul götürüldüyü bildirilir.
Toplum TV-nin baş redaktoru Xədicə İsmayılova isə Turan-a bildirib ki, martın 6-da saat 22 radələrindən başlayaraq qurumun Bakı Şəhər Baş Polis İdarəsində saxlanılan əməkdaşları və stajorları Pərvanə Qurbanlı, Alya Ağayeva, Ceyhunə Həsənli (qrafik-dizayner, stajor), Cəmilə Əzimova, Fidan Əlicanova, Cavid Ramazanov, Gülyetər Mahmudova, Samir Ağazadə və Sadiq Məmmədov sərbəst buraxılıblar.
Onun sözlərinə görə, hazırda Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Akif Qurbanov, Ruslan İzzətli, Əli Zeynal, İlkin Əhmədov, həmçinin Toplum TV-nin əməkdaşları Taleh Bədəlov, Xanlar Əlizadə, Müşfiq Cabbarov və Fərid İsmayılov polisdə saxlanılırlar.
Son məlumata görə, “Toplum TV” ilə bağlı iş üzrə Müşfiq Cabbarov, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əhmədov şübhəli şəxs qismində saxlanılıblar.
**23:29 (06.03.2024)
"III Respublika Platforması"nın spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb.
Senzor.az bildirir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb
O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
O, 48 saat ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacaq.
**22:55
Toplum TV-nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Senzor.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir.
“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”, - deyə məlumatda bildirilib.
**16:56
Toplum TV-nin ofisində axtarış aparılıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Əlavə məlumat veriləcək.