Martın 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Muxtar Respublikanın 100 illik yubileyi və Novruz bayramının qeyd edilməsi məqsədilə “Yurdumuza bahar gəlir” adlı konsert proqramı təşkil olunub.
Senzor.az bildirir ki, əvvəlcə məhkumların iştirakı ilə bayram tonqalı yandırılıb. Müəssisə daxilində davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Penitensiar xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və xalqımızın qədim və milli bayramı olan Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara səmimi arzularını çatdırıb.
Sonra Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin əməkdaşları və “Harmoniya” instrumental ansamblı tərəfindən milli musiqilər səsləndirilib. Məhkumlar rəqs ediblər. Bayram ab-havası yaşatmaq üçün səhnəyə “Novruz” bayramının əsas personajları “Kosa və Keçəl” gəlib.
Tədbirin sonunda cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən “Harmoniya” instrumental ansamblı və aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrə və il ərzində fərqlənən məhkumlara təşəkkürnamələr verilib.