Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə Senzor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb.
Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın qəsəbələrarası yolların buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər var. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər.
Bölgələrdə sərnişindaşıma adi rejimdə davam etdirilir. Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan, Laçın, İsmayıllı və Qəbələ istiqamətlərində reyslər təxirə salınıb. Qusar istiqamətində isə reyslər Qubayadək həyata keçirilir.
Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.