Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar, martın 17-dən 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentlyindən (AYNA) məlumat verilib.
AYNA-nın məlumatına görə, 17 nömrəli marşrutun hərəkət istiqaməti aşağıdakı kimi dəyişdiriləcək:
Yeni Yasamal yaşayış massivi istiqamətində: Əhməd Rəcəbli küçəsi (son dayanacaq) → Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) → Əhməd Rəcəbli küçəsi → Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.
24 nömrəli marşrutun hərəkət istiqaməti isə belə olacaq:
Qaraçuxur qəsəbəsi istiqamətində: Təbriz küçəsi (son dayanacaq) → Əhməd Rəcəbli küçəsi → Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edəcək.
Agentlikdən bildirilib ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və yenidənqurma işləri başa çatdıqdan sonra marşrutlar əvvəlki hərəkət sxeminə qaytarılacaq.