
Azərbaycanda kikboks üzrə tanınmış xanım məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimlinin məhkəməsi keçirilib.
“Qanunla.az”ın məlumataın görə, Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə barəsində qərar qəbul edilib.
Qərara əsasən, 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, kikboksçu Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə saxlanılıblar.
Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə T.Ələkbərova və A.Rəhimli tutulublar.
Əgər onların cinayət əməli sübuta yetirilərsə, hər ikisini 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.