
Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır.
Senzor.az bildirir ki, bu tədris ilində Azərbaycanda 116 550 şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596-sı isə oğlandır.
İşğaldan azad edilmiş ərazilərdə yerləşən 11 təhsil müəssisəsində bu il ilk dəfə "Son zəng" çalınacaq. Ümumilikdə isə həmin ərazilərdə 25 ümumi təhsil müəssisəsində "Son zəng" tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.
Xatırladaq ki, “Son zəng” ənənəsinin kökləri XX əsrin əvvəllərinə, keçmiş SSRİ məkanına gedib çıxır. Həmin dövrlərdə dərs ilinin yekunu sadə rəsmiyyətlə qeyd olunsa da, 1940-1950-ci illərdən etibarən bu tədbir xüsusi simvolik məna qazanmağa başladı. İlk dəfə rəmzi zəngin səslənməsi şagirdlərin uşaqlıqla vidalaşaraq böyük həyata addım atmasının təntənəli ifadəsinə çevrildi.
Onu da qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son zəng" tədbiri iyunun 14-nə düşsə də, həmin tarix bazar gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-nə keçirilib.
Daha bir vacib məqam. “Son zəng” tədbirləri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində təşkil edilir. Həyətyanı sahəsi olmayan məktəblərdə isə tədbir idman və ya akt zallarında keçirilir. Tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri də iştirak edirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri və Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki məktəb rəhbərlərinə “Son zəng” tədbirləri zamanı şagirdlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb. Bu məqsədlə məktəb ərazilərində mühafizə gücləndirilib, müvafiq orqanlarla birgə təhlükəsizlik tədbirləri həyata keçirilib.