Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiyada yaşanan son hadisələri şərh edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, özünün Telegram kanalında paylaşım edərək, "Vagner" Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin şəxsi ambisiyaları naminə Rusiyaya olan sevgisinə tüpürdüyünü yazıb.
“Düşünürdüm ki, bəzi insanların Vətənini ürəkdən sevdiyinə inanmaq olar”, – Kadırov vurğulayıb.
O, Priqojini biznes ambisiyalarından əl çəkməyə və məlum maraqlarını dövlət əhəmiyyətli məsələlərə qarışdırmamağa çağırıb.
Kadırov həmçinin hər kəsə səslənərək yazıb ki, "Rusiyanın gələcəyini düşünərək şüurlu qərarlar verməlisiniz".
"Mən bütün "Vagner" döyüşçülərini bundan sonra qərarlarında ayıq olmağa çağırıram. Ölkənin gələcəyini, ailənizi, övladlarınızı düşünün. Bu cür hərəkətlər fəlakətli nəticələrə səbəb ola bilər. İndi hər şey sülh yolu ilə, qan tökülmədən başa çatdı, amma fəlakət ola bilərdi",- Kadırov əlavə edib.
Xatırladaq ki, dünən Yevgeni Priqojin Rusiya qoşunlarının “Vagner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini və döyüşçüləri ilə yanaşı mülki şəxslərin də öldüyünü açıqladı. Bundan sonra o "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir" deyərək müdafiə nazirinə üsyan etdi. O, Rostov küçələrində hərbçilırini yerləşdirdi, üzü Moskvaya yola çıxdıqlarını açıqladı.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açdı. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirdi ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırdı. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edərək silahı yerə qoymağa çağırdı.
Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciət edərək mövcud hadisələri xəyanət kimi qiymətləndirdi.
Nəticədə əvvəlcə Yevgeni Priqojin silahı yerə qoyub təslim olmaqdan imtina etsə də, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra - günün sonunda geri çəkildi.