Erməni separatçılarının son ümidi Makrondur - VAŞİNQTON RAUNDU BAŞLAYIR
DETALLAR

"Utanmasan oynamağa nə var ki!" deyimini bir qədər dəyişib, "Utanmasan görüşməyə nə var ki" şəklinə salaraq Ermənistanın "əyninə" biçmək olar. Çünkü son bir ayda intensiv şəkildə Naxçıvan və digər sərhədlərimiz istiqamətində mövqelərimizi atəşə tutan, Laçın sərhəd buraxılış məntəqəsində əsgərimizə atəş açan Ermənistan tərəfi indi əl-qolunu sallaya-sallaya heç nə olmamış kimi okeanın o tayında (Vaşionqtonda) sülh danışıqları ilə bağlı XİN başçılarının görüşündə iştiraka yollanıb. Buna Ermənistanın ikitirəliyi də deyə bilərik. Hər danışıqlar prosesindən sonra destruktiv bəyanatlar, sülhü sabotaj edəcək addımlarla diqqət mərkəzinə düşən rəsmi İrəvana qarşı Bakıda etimad sıfıra bərabərdir. Amma Bakı ümidini üzmür...

 

Xüsusilə Ermənistanın mövqelərimiz istiqamətində sükutu tez-tez pozmasından sonra gözləntilərimiz böyük olmasa da rəsmi Bakı vasitəçi tərəflərin təzyiq və təkidi ilə Ermənistanı danışıqlar masasında üzərinə götürdüyü öhdəlikləri icra etdirə biləcəyi ilə bağlı nikbinliyini hələ də pozmur. Elə bu səbəbdən də ötən gün Ceyhun Bayramov Vaçinqton görüşünün növbəti raundu üçün ABŞ-a getdi.

 

Əlqərəz, bu gün Vaşinqtonda Bayramovla Mirzoyanın görüşü gözlənilir. 12 iyun görüşünün təxirə salınmasından sonra nazirlərin okeanın o tayında müzakirə edəcəyi gündəlikdə əhəmiyyətli dəyişiklik gözləmək bir az özümüzü aldatmaq olar. Amma istənilən halda masada güclü tərəf, diqtə edən əsas aktor olaraq Bakının çıxış edəcəyini nəzərə alsaq, bütün bu manipulyasiya cəhdlərinin elə rəsmi İrəvanın özünə ziyan edəcəyini düşünmək olar.

 

Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində çıxışı zamanı vacib məqamlara toxunması, verdiyi mesajlar belə düşünməyə əsas yaradır. Dövlət başçısı dünyada geosiyasi vəziyyətin gərginləşməsi, regionda yeni təhdidlərin mövcudluğu, Ermənistanda revanşist qüvvələrin baş qaldırması fonunda Azərbaycanın yeni silahlar alması prosesinin davam etdiyini açıqlamaqla əslində Bakı üçün "hava yenə xoşdur" abu-havasını yaratmış oldu.

 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, regionda yeni təhdidlər var, təhdid mövcuddursa, deməli, hərbi eskalasiya riski də qalmaqdadır. Bütün bunları nəzərə alan Azərbaycan həm postkonflikt reallıqları çərçivəsində diplomatik masada, həm də hərb nöqteyi nəzərindən çox önəmli üstünlüklərə malikdir və bu üstünlüyümüz hər ötən gün daha da artır, daha da möhkəmlənir.

 

Bütün bu proseslər fonunda Ermənistan siyasi rəhbərliyinin Vaşinqton görüşünün növbəti raundunda nə deyib - deməyəcəyi əslində bir o qədər də önəm kəsb etmir. Məsələ sülhdürsə, Ermənistan bunu istəmirsə, Bakıya da heç lazım deyil.

 

İstisna edilmir ki, İrəvan qondarma “Bakı-Xankəndi” formatını yenidən ortaya atacaq, çalışacaq ki, bu məsələnin üzərindən Bakıya təzyiq yaradıb danışıqlar prosesini dalana dirəsin, "Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyin qorunması üçün beynəlxalq mexanizm”i irəli sürərək prosesə mane olsun. Halbuki Ermənistan Azərbaycanın bu məsələdəki mövqeyini artıq 3 ildir ki, çox yaxşı bilir: Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və bu cür təzyiq vasitələri ilə hər hansı beynəlxalq mexanizmin yaradılmasının mümkün olacağı xülyasından Ermənistan rəhbərliyi nə qədər tez ayılsa, o qədər onun özü üçün yaxşı olar.

 

Yaxşı olar ki, istər XİN başçısı Ararat Mirzoyan, istərsə də baş nazir Nikol Paşinyan son dönəmlər tez-tez "Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyırıq" demələrinə rəğmən Qarabağ separatçıları üçün növbəti hökümət iclasında növbəti maliyə yardımının ayrılması qərarına bir aydınlıq gətirsinlər. O ki qaldı Bakıdan eşidəcəklərinə, Ermənistanın bu mazoxist mövqeyinə Bakıdan veriləcək reaksiya məlumdur. Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu Ermənistan tərəfi hələ də qəbul edə bilmirsə və bunu hərəkətlərində gizlətməkdə belə çətinlik çəkirsə, o zaman hər hansı bir davamlı sülhdən danışmaq çox tezdir. Çünkü məhz son təxribatlar da, törədilən hərbi insidentlər də, destruktiv bəyanatlar da Qarabağın erməni əhalisinin reinteqrasiyasına mane olmaq, qondarma rejim qalıqlarına züy tutmaqdan başqa bir şey deyil.

 

Bu dəfə də Vaşinqton müzakirələrinin bir neçə gün çəkəcəyi məlum olsa da İrəvandan proseslərin sonunda sülhdən qaçmaq ənənəsinə "sadiq" qalacağı gözləniləndir. Lakin Ceyhun Bayramovun bir neçə gün əvvəl sülh sazişinin ilin sonundan daha tez imzalanması mümkünlüyünü bildirməsinin ardınca, oxşar optimist açıqlamanın İrəvandan da eşidilməsi danışıqlara olan marağı beynəlxalq arenada da bir xeyli artırıb.

 

Ermənistan parlamentinin sədri Alen Simonyan günlər öncə brifinqdə deyib ki, Vaşinqton danışıqlarından irəliləyiş gözləmək olar. Simonyan təmasların intensivliyinə diqqət çəkərək hər iki tərəfin təkliflərinin və müzakirələrinin nəticə verdiyini vurğulayıb.

 

Danışıqlarda irəliləyiş əldə olunacaqsa və tərəflər sülh sazişini imzalamağa yaxınlaşacaqlarsa, bunun ya Vaşinqtonda, ya da Brüsseldə baş verməcəyini düşünmək olar. Çünkü etiraf etmək lazımdır ki, yekun sülh sazişi məsəsləsində Rusiya tərəfi çox da səmimi görünmür. Eyni sözü özünü ara-sıra "vasitəçi" kimi proseslərə pərçimləmək istəyən qatı ermənipərəst Emmanuel Makronlu Fransaya da aid edə bilərik.

 

Hətta bölgədəki son proseslər, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi ilə bağlı danışıqlar prosesinə aid "Newsweek Rumıniya" nəşri də çox maraqlı qeydləer ilə diqqət mərkəzinə düşüb. "Newsweek Rumıniya" bölgədəki son proseslərlə bağlı təqdim etdiyi məqalədə bildirir ki, erməni separatçılarının son ümidi Makrondur.

 

“Fransa prezidenti Makron və Rusiyadakı dairələr Ermənistanı silahla təmin edir və bununla da separatçıların mövcud olduğu Qarabağ bölgəsində Bakı ilə sülh nizamlanmasının İrəvan əleyhdarlarını gücləndirir. Beləliklə, Makron revanşizm tərəfdarlarını gücləndirmiş olur", - deyə nəşr qeyd edib.

 

Nəşr onu da əlavə edib ki, Fransa da Rusiya kimi özünü “vasitəçi” kimi göstərir, lakin eyni zamanda münaqişə tərəflərindən birini (Ermənistana) silahla təmin edir”.

 

Ümidi Parisə olan çıraqsız qalar. Makrona “papış toxuyan” Paşinyan anlamalıdır ki, bu onun siyasi fəaliyyətinin sonu ola bilər. Bəlkə də elə özünün. Çünkü sülhdən qaçmaqla xalqının taleyi ilə oynayan bir qrup siyasətçinin sonrakı aqibətinin necə olacağı hələ 44 günlük müharibədən sonra üçtərəfli bəyanatın ardından bütün Ermənistanı bürüyən iğtişaşlardan aydın idi. Həmin iğtişaşlarda indiki XİN başçısı A.Mirzoyanın gözünün altı qaralmışdısa, bu dəfə qaralan tək gözlərinin altı yox, "dünyaları" ola bilər. 

Odur ki, cəsarətli, qətiyyətli ol, taleyini başqalarının ixtiyarına buraxma, Ermənistan hakimiyyəti!

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.