Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilə töhmət verilib.
Senzor.az bildirir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Belə ki, iclasda vəkillər barəsində başlanılmış 22 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 1 il müddətinə dayandırılıb, 3 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərar qəbul olunub.
İclasda, həmçinin Məhkəmə-Hüquq Şurasına Vəkillər Kollegiyasının vəkil nümayəndəsinin təyin olunması məsələsinə baxılıb və Rəyasət Heyəti üzvlərinin təklifinə əsasən Kollegiyanın sədri Anar Bağırov Şuraya vəkil üzv kimi təyin edilib.
Daha sonra gündəliyə uyğun olaraq Vəkillər Kollegiyasının Elektron Vəkil Komitəsinin Əsasnaməsinin təsdiqi ilə bağlı məsələ müzakirə edilib və Komitənin Əsasnaməsi qəbul olunub.
İclasda vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma, yeni vəkil bürosunun təsisi və s. məsələlərə də baxılıb, müsbət qərarlar verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.