İsrail müxalifəti 27-ci dəfədir ki, bütün ölkə boyu məhkəmə islahatlarına qarşı həftəlik kütləvi etiraz aksiyaları təşkil edir. 150-yə yaxın nümayişdən ən böyüyü Təl-Əvivdə hökumət binaları kompleksi yaxınlığında keçirilib.
TASS xəbər verir ki, əsas mitinq başa çatdıqdan sonra nümayişçilər şəhərin şərq hissəsində Ayalon şosesini bağlayıblar.
Təl-Əvivdə keçirilən nümayiş zamanı iştirakçılar demokratiya lehinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və hakimiyyətdən məhkəmə islahatlarına son qoymağı tələb ediblər. Təşkilatçıların məlumatına görə, şəhərdə keçirilən etiraz aksiyasında 180 minə yaxın insan iştirak edib.
Qeyd edək ki, baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin hazırkı hökuməti 2022-ci ilin sonunda formalaşıb. Nazirlər Kabinetinin ilk səs-küylü layihələrindən biri də yanvar ayında təqdim edilən məhkəmə islahatları planı olub. O, xüsusilə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini nəzərdə tutur.
Bu layihə dərhal liberal müxalifətin kütləvi etirazına səbəb olub. İslahatın əleyhdarlarının fikrincə, bu, İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. Netanyahu isə israr edir ki, bu dəyişikliklər hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.