“İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və digər komandirlərlə görüşüb”.
Bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, görüş Kremldə baş tutub: “İclasda 35 nəfər iştirak edib”.
D.Peskov söyləyib ki, görüşdə Ukrayna cəbhəsindəki durum və iyunun 24-də baş vermiş hadisələr müzakirə olunub: “Həmçinin, komandirlərdən izahat alınıb. “Vaqner” komandirləri Putinə son hadisələrlə bağlı öz versiyalarını təqdim etdilər, onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğuladılar”.
Qeyd edək ki, bundan əvvəl V.Putinin Kremldə Y.Priqojinlə görüşdüyü barədə məlumatı Qərbin kəşfiyyatına istinadən Fransa mətbuatı yaymışdı.
**11:00
Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinlə görüşüb.
Bu barədə Fransanın “Liberation” qəzeti Qərb kəşfiyyatının məlumatlarına istinadən xəbər verib.
Bildirilir ki, iclasda hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qeyd olunur ki, Priqojin iyulun 1-də Kremlə çağırılıb. Söhbətdə Rusiya Prezidenti Vladimir Putindən başqa, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotov, həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də iştirak ediblər.
Prezidentlə “Vaqner” təsisçisi arasında konkret nə müzakirə edildiyi məlum deyil.
Xatırladaq ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin iyunun 24-nə keçən gecə silahlı qiyama başlayıb. O, Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinə zərbə endirməkdə ittiham edib. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqlayıb. Amma axşam saatlarında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bu planlarından əl çəkib. Bildirilib ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verilib.