Türkiyə Avropa İttifaqına qəbul ediləcək? - ŞƏRH + PROQNOZ

NATO sammiti üçün Vilnüsə uçmazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün Avropa İttifaqına (Aİ) gedən yolu açmağa çağırıb.

  

“50 ildir bizi Aİ yolunda saxlayan ölkələrə müraciət etmək istəyirəm. Türkiyənin Avropa İttifaqına yolunu açın. Biz də İsveçin NATO-ya yolunu açacağıq. İsveçin NATO-ya üzv olmaq üçün Ankara ilə imzaladığı memorandumun şərtlərinə tam əməl etməsini gözləyirik. Şərtləri yerinə yetirmək lazımdır. Bu axşam mən İsveçin baş naziri Ulf Kristersson ilə görüşəcəyəm. Onlardan bizə verdiyi sözə əməl etmələrini istəyirik. Türkiyə də öz növbəsində NATO-nun fəaliyyətinə kömək edir, lazım olan hər şeyi edir", - deyə Türkiyə Prezidenti bildirib. 

 

Ötən il iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb. 

Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, Finlandiya aprelin 4-də Alyansa üzv seçilib. 


Türkiyəli qanunvericilər Stokholmdan Terrorla Mübarizə üzrə Madrid Memorandumunun bütün müddəalarına əməl etməyi tələb edərək İsveçin Alyansa daxil olması ilə bağlı protokolunu isə hələ ki, təsdiqləməyiblər.

 

Görünən odur ki, Vilnüs sammitində İsveçin üzvlüyü məsələsi müzakirə olunan məsələlər sırasında olacaq. Lakin Türkiyənin İsveçlə bağlı tələbi də diqqətdən kənarda qalmayacaq.


Ankaranın tələbində israrlı olduğu xüsusi vurğulanır. Prinsip etibarilə bu, haqlı və yerində tələbdir. Türkiyə illərdir müxtəlif bəhanələrlə İttifaqa üzv edilmir. 

 

Ağ Evin Milli Təhlükəsizlik Şurası bildirib: “ABŞ Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəkləyir. Birləşmiş Ştatlar Türkiyənin Aİ-yə üzvlük istəklərini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edir. Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir. Bizim diqqətimiz isə NATO-ya üzv olmağa hazır olan İsveçə yönəlib”. Rəsmi Vaşinqton Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəklədiyini bildirsə də topu Aİ üzərinə atır. Xüsusilə “Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir” ifadəsi bunu deməyə əsas verir. 

 

Vilnüs görüşü öncəsi Bayden və Ərdoğan arasında baş tutan telefon danışığında da daha çox İsveçin NATO-ya üzvlük məsələsi müzakirə edilib. 


Əslində Vaşinqtonun bu mövqeyi anlaşılandır. ABŞ Aİ üzvlərinin Türkiyəni İttifaqa qəbul etməyəcəklərini bilir. Təbii olaraq Türkiyə və Aİ arasında qalmaq istəmir. Buna görə də bu məsələni özlərinin həll etməsini istəyir. 


Rəsmi Ankaranın indiki məqamda Aİ-yə qəbul edilməsi real deyil. Bunun bir neçə səbəbi var. Lakin iki səbəb xüsusilə vacibdir. 

Birincisi, Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsi başda təhsil və iş imkanları baxımından milyonlarla Türkiyə vətəndaşının Avropa ölkələrinə axın etməsinə gətirib çıxaracaq. Onsuz da kifayət qədər problem yaşayan İttifaq ölkələrinin türk vətəndaşlarını qəbul etməsi qurum üçün özlüyündə yeni problemlər yarada bilər. 

 

İkincisi, son statistik göstəricilərə görə, hazırda Türkiyədə 3 milyon 600 min miqrant məskunlaşıb. Suriyada vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə üz tutan suryalılar başda olmaqla Pakistan, Əfqanıstan, Mərkəzi Asiya ölkələri və s.-dən insanlar bu gün Türkiyəyə üz tutur. Ankaranın Avropa İttifaqına üzv olması halında bu miqrantlar İttifaq ölkələrinə sərbəst şəkildə keçid edə biləcək. İttifaq isə bunu gözə ala bilməz. 

 

Mümkündür ki, Vilnüs görüşü sonrası İsveçin NATO-ya üzvlüyü reallaşsın. Lakin Türkiyənin Avropa İttifaqına üzvlüyü indiki şərtlərdə o qədər real görünmür.

 

Turan Rzayev,

politoloq

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.