“Bir millət, üç dövlət xeyli müddətdir gündəmə gətirdiyimiz məsələdir. Bu, səfərin vacib məqamlarından biri məhz bu idi. Qısa, lakin çox məhsuldar bir səfər oldu”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Azərbaycana səfərinin yekunları ilə bağlı “Sabah” qəzetinə müsahibəsində deyib.
O söyləyib ki, Türkiyə-Azərbaycan münasibətlərində uzun müddət mövcud olan “bir millət, iki dövlət” ideyası “bir millət, üç dövlət” anlayışına çevrilib.
N.Kurtulmuş bildirib ki, parlament sədri kimi xaricə ilk səfərini Şimali Kiprə və Azərbaycan edib: “Bu səfərləri TBMM-dəki müxtəlif partiyalardan olan dostlarımızla birgə nümayəndə heyəti olaraq etməyimiz vacib idi. Bizim hər iki dövlətin yüksək səviyyəli rəhbərləri ilə söhbət etmək və problemlərimizi müzakirə etmək imkanımız oldu. Düşünürük ki, həm Türkiyənin, həm də Azərbaycanın sahib olduğu imkanlar bizim ortaq mənfəətimizə uyğun olduğu kimi, türk dünyasının və məzlum millətlərinin xeyrinə olacaq. Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması ilə bağlı Prezident İlham Əliyevlə geniş söhbətimiz oldu. Bu baxımdan tanınma prosesi müəyyən addımlarla tədricən beynəlxalq səviyyəyə daşınmalıdır. Bundan əlavə, dünən qeyd etdiyimiz kimi Ercandan Bakıya birbaşa uçuş kimi bəzi addımların həyata keçirilməsinə ehtiyac var”.
Xatırladaq ki, N.Kurtulmuş parlament nümayəndə heyəti ilə iyulun 11-də Azərbaycanda səfərdə olub. O, Prezident İlham Əliyevin qəbulunda olub, Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov, habelə digər rəsmilərlə görüşüb. TBMM sədri Bakıda TÜRKPA Baş Katibliyini, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.