Gürcüstanda son günlər ərzində həyata keçirilmiş kompleks tədbirlər çərçivəsində 34 nəfər əcnəbi ölkədən çıxarılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən məlumat verilib.
Məlumata əsasən, əcnəbilər Hindistan, Türkiyə, Türkmənistan, Çin, Misir, İraq, Rusiya, İran, İordaniya, Pakistan, Azərbaycan, Nigeriya və Mərakeş vətəndaşlarıdır.
Gürcüstan qanunvericiliyinə uyğun olaraq deportasiya olunan şəxslərin ölkəyə girişi qadağan edilib.
Qeyd edək ki, Miqrasiya Departamenti Gürcüstan daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Qurumun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan xarici vətəndaşların müəyyən edilərək ölkədən çıxarılmasının həyata keçirilməsidir.