Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayı ilə bağlı məhkəmə qərarının iyunun 30-da açıqlanacağı bildirilib.
Əgər məhkəmə “mutlaq butlan” - yəni qurultayın nəticələrinin ləğvi barədə qərar çıxararsa, sabiq sədr Kamal Kılıçdaroğlu yenidən CHP-nin rəhbərliyinə qayıda bilər.
Kılıçdaroğlu özü də partiyaya qəyyum təyin edilməsinin qarşısını almaq üçün sədrliyə qayıtmağı istisna etməyib.
Buna baxmayaraq, CHP daxilində onun qayıdışına dair sərt reaksiyalar var.
Modern.az-a açıqlamasında CHP-nin xarici siyasət koordinatoru İlhan Üzgel bildirib ki, Kılıçdaroğlunun yenidən sədrliyə qayıtma ehtimalı yüksəkdir: "Elə bir dövrdür ki, hər an hər qərar verilə bilər. Belə bir ehtimal var, yüksəkdir".
Amma İ.Üzgel onu da vurğulayıb ki, hazırda CHP seçicisi Kılıçdaroğlunu istəmir: "Partiyamız çox yaxşı momentum əldə edib.Türkiyədə birinci partiyayıq. Cənab Kılıçdaroğlu seçicilər tərəfindən istənilmir. Heç kim CHP-də bir lider dəyişikliyi istəmir".