Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə faktları ilə bağlı bəyanat yayıb.
Bu barədə Senzor.az-a AMİP-in Mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir: “İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və ağır bədən xəsarətləri alaraq yaralanması, saxlanılanlara xüsusi amansızlıqla işgəncələr verilməsi bizi dərindən narahat edir.
Rusiya hüquq mühafizə orqanlarının bu şəkildə hüquqazidd davranışı və amansız rəftarı əməliyyatın sifariş əsasında həyata keçirildiyini göstərir. Azərbaycan Milli İstiqlal Partiyası Rusiya FTX-nın bu şəkildə qəddar fəaliyyətini qətiyyətlə pisləyərək həlak olan həmvətənlərimizin yaxınlarına başsağlığı verir və hadisə ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin dərhal məsuliyyətə cəlb olunmasını tələb edir”.