Siyasətdə təsadüflər nadir hallarda olur. Müxtəlif sammitlərdə liderlərin toplantıdan əvvəl və ya fasilədə bir-birlərinə yaxınlaşıb qısa fikir mübadiləsi aparmaları və şəkillər çəkdirmələri adətən əvvəlcədən planlaşdırılır. Çində Şanxay Əməkdaşlıq Toplantısının fasiləsində Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin xanımlarıyla birgə söhbət etmələri də bu qəbildəndir.
Senzor.az bildirir ki, bunları Facebook səhifəsində tanınmış politoloq Elxan Şahinoğlu yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyev Çin lideri Si Szinpinlə görüşdə açıq söyləyib ki, Ermənistanla sülh bərqərar olub. Odur ki, İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla müxtəlif toplantılarda ayaqüstü görüşləri adi hal alıb. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın onlara qoşulması isə Türkiyə-Ermənistan dialoqunun genişlənməsindən və yaxın gələcəkdə üçtərəfli formatın təsis oluna biləcəyindən xəbər verir. Rusiyanın informasiya agentlikləri Prezident Vladimir Putinin Çində Nikol Paşinyanla görüşün planlaşdırılmadığını, ancaq iki liderin görüşdüyünə diqqət çəkiblər. Putin təsadüfən Paşinyanla görüşməyib, bu təmas da əvvəlcədən planlaşdırılıb. Kremlin nəzarətindəki medianı Çindəki şəkillər içərisində ən çox qıcıqlandıran İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun mehribancasına söhbəti olub. Kreml mediasının yanlış məntiqinə görə, əgər Belarus Rusiyanın ən yaxın müttəfiqidirsə, bu ölkənin lideri Kremlin münasibətləri gərginləşdirdiyi Azərbaycan lideri ilə görüşməməlidir. Bu amilin özü Kremlin müttəfiqlərinə də yuxarından aşağı baxmasının göstəricisidir”, - deyə politoloq bildirib.
Xatırladaq ki, Belarus Prezidenti ŞƏT-in Çində keçirilən sammiti çərçivəsində bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb.
Bu barədə məlumat və foto yayan “Pul Pervoqo” Teleqram kanalı yazıb: “ŞƏT sammiti çərçivəsində: Birinci artıq Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıb”.