
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Türkiyə ilə ölkəsi arasında diplomatik əlaqələrin qurulacağına əmin olduğunu deyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Üçüncü Ümumdünya Erməni Sammiti 2026-nın iştirakçılarının suallarına cavab verərkən danışıb.
İştirakçılardan biri Türkiyənin Ermənistanın ərazi bütövlüyünü tanımamasını əsas gətirərək, erməni silahlı qüvvələrinin ölkə sərhədlərinin təhlükəsizliyini təmin edib-edə bilməyəcəyini soruşub (Qeyd edək ki, Ermənistan və Türkiyə arasında diplomatik əlaqələr mövcud deyil, Ankara bu ölkə ilə sərhədləri 1993-cü ildən etibarən bağlayıb).
Paşinyan cavabında deyib: "Türkiyə ilə Ermənistan arasında hələ diplomatik münasibətlər qurulmayıb. Lakin əminəm ki, yaxın gələcəkdə bu münasibətlər qurulacaq və hər iki tərəf bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıyacaq. Hesab edirəm ki, bu, qəbul etməli olduğumuz bir reallıqdır - hər halda, mənim bu barədə heç bir narahatlığım yoxdur və belə bir problemin mövcudluğuna işarə edən heç bir obyektiv fakt da mövcud deyil".